Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Kontentin Yaradılması Və Sayta Doldurulması Problemi

Kontentin yaradılması və sayta doldurulması problemi

2021-07-09

Əgər şirkət olaraq düzgün və keyfiyyətli sayt kontenti istəyirsinizsə, bu yazı elə tam sizin üçündür. Çünki 5 saytdan 4-də kontent keyfiyyətsizliyi pik həddədir. Baxın ha, hələ dizaynı demirik. Sadəcə kontentdən danışırıq. Çox başınızı ağrıtmadan keçək mətləbə.

Sayt, yoxsa kontent
O bir söz vare, deyir toyuq birinci yaranıb, yoxsa yumurta? Bax elə bu sual tez-tez kontent və sayt barəsində də səslənir. Bəs bunun cavabı nədir? Sayt dizaynından sonra kontent yazılmalıdır yoxsa kontent yazılandan sonra sayt dizayn olunmalıdır? 

Əslində baxır vəziyyətə. İşin keyfiyyətinə və komandanın daha rahat işləməsinə görə kontent menecerlə dizayner birlikdə işləməlidir. Kontent menecer UX/UI dizaynerə yazacağı kontenti izah edir və bu kontentə uyğun sayt dizaynı görmək istəyir. Unutmayın ki, saytın dizaynı belə kontentdir. O da kommunikasiyanın bir parçasıdır. Kontent menecer ona göstəriş vermədən ortaya keyfiyyətli iş çıxmaz. Belə olan halda UX/UI dizayner də necə bir sayt dizaynı formalaşdıracağını yaxşı bilir. 

Bəs UX/UI saytı dizayn etsə və dizayn edilmiş sayta uyğun kontent yazılsa, necə olar? Bu halda keçərlidir. Amma burada incə bir xətt var. Əgər kontent menecerin önünə hazır dizayn gətirib, buna kontent yaz desəniz, o özünü limitli hiss edəcək və kreativliyi itəcək. Niyə? Çünki kontent menecerin ağlında daha yaxşı və zövqlü kontent olsa da, saytın dizaynı buna mane ola bilər. Buna görə də məcbur qalıb dizayna uyğun kontent hazırlamalı olacaq. Necə deyərlər, işin keyfiyyəti aşağı düşə bilər.

İşin daha düzgün görülməsi üçün bu addımları izləyə bilərsiniz:

- Kontent menecerə tam məlumatlı brif təqdim edilir;
- Kontent menecer brif əsasında kontent hazırlayır;
- Kontent menecer və UX/UI dizayner yaradılacaq sayt barədə müzakirə edir;
- UX/UI kontentə uyğun dizayn hazırlayır;
- Sonda isə kontent sayta yerləşdirilir.

Bununla bitdimi? Xeyr, bitmədi. Hələ bu kontentin sayta doldurulması var.

Eyni olmayan kontent
İndi deyək ki, sayt və kontent hazırdır. Geriyə sadəcə həmən kontenti sayta doldurmaq qalıb. Düzgün formada doldura bilirikmi? Audit etdiyimiz saytlardan görürük ki, xeyr, düzgün şəkildə doldura bilmirik. Çox vaxt saytın doldurulmasını kontent menecerə həvalə etmirlər. Ya layihə meneceri doldurur, ya da müştəri özü doldurur. Bəs belə olan halda hansı problemlər ortaya çıxır?

- Kontent menecerin təşkil etdiyi yazı formatı sayta doldurarkən itirilir;
- Şirkətə uyğun stilistika unudulur və sadəcə CTRL+V edilir;
- Kontent menecerin təyin etdiyi link formatlı sözlər boş buraxılır;
- Seçilmiş şəkillər düzgün formatda və stilistikada yerləşdirilmir;
- Kontent menecerin təşkil etdiyi oxuma psixologiyası kənara atılaraq sözlərin üzərində oynanılır və s.

Belə olan halda isə həm kontent menecerin əziyyəti puça gedir, həm də hazırlanmış kontentin keyfiyyəti aşağı düşür. Sayta hazır kontenti doldurarkən çox diqqətli olmağı unutmayaq.

Bu yazıda həm kontentlə sayt dizaynı arasında əlaqəni, həm də kontentin sayta doldurulmasında edilən səhvləri öyrəndiniz. Bəs veb-saytın hazırlanma mərhələlərini bilirsinizmi? Buraya keçid edərək oxuya bilərsiniz.