Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Saytların Hazırlanmasında Ən Çox Rast Gəlinən Problemlər

Saytların hazırlanmasında ən çox rast gəlinən problemlər

2021-08-10

Rəqəmsal dünyada saytlar bir şirkətin həm üzüdür, həm də binasıdır. İstifadəçi o sayta daxil olduğu an şirkəti tanımağa başlayır. Bəs istifadəçinin qarşısına problemli sayt çıxarmaq nə qədər məntiqə uyğundur? Bu yazıda saytların hazırlanmasında ortaya çıxan problemlərdən danışacağıq. Başlayaq saytlardakı şəkillərdən.


Şəkillər
Bir saytı daha cəlbedici və maraqlı edən onun daxilindəki məzmun və şəkillərdir. Amma şəkillərdə yaşanan problemlər məzmunu belə bəzən maraqsız edə bilir. Necə deyərlər şəkil və məzmun hər zaman bir-birini tamamlamalıdır.


Saytlarda olan problemlərdən biri də çox sayıda stok şəkillərdən istifadə edilməsidir. Stok şəkillər çox zaman şirkətin unikallığını yoxa çıxardır. Seçilmiş stok şəkilə düzgün məzmun yaratmaqla o hissi aradan qaldıra bilərsiniz.


Şəkillərlə bağlı bir digər problem isə onların ölçüsüdür. Düzgün ölçüdə yerləşdirilməyən şəkil sayt daxilində görüntü olaraq aşağı səviyyədə görünəcək. Bu da sizin şirkətinizə zərər verə bilər. Şəkillərin yaxşı görünməsi üçün onları düzgün ölçüdə yerləşdirmək lazımdır.


Şəkili yerləşdirərkən ona “alt tag” və düzgün ad yazmağı da unutmayın. Köhnə bir meta məlumata sahib şəkil axtarış sistemlərində düzgün oxunmur. Həm şəkilin adına diqqət edin, həm də “alt tag” yerləşdirin.


Kontent
Saytların hazırlanmasında ən böyük problemlərdən biri də kontentdir. Birinci başlayaq kontentin hədəf kütləsinə uyğun olmamasından. Çox sayda sayt nümunəsi göstərmək olar ki, içərisində yer alan məzmun hədəf kütləyə uyğun yazılmayıb və hazırlanmayıb. Belə olan halda isə saytı ziyarət edən istifadəçi saniyələr içərisində oradan uzaqlaşır. 
Bir digər məsələ isə məzmun daxilində çoxlu səhvlərin olmasıdır. Oxuyucu məzmunu oxuduğu zaman səhvləri görür və istər-istəməz sizə qarşı etibarsızlıq formalaşır. Əlavə olaraq, əgər kontent düzgün şəkildə hazırlanmayıbsa, gələcəkdə saytın SEO proseslərində problem yaranacaq.


Başqa bir problem isə məzmunların unikal olmamasıdır. İstifadəçilər hər saytda eyni tip sözləri və eyni tip mesajları oxumaqdan artıq təngə gəlib. Məzmununuz nə qədər unikal olsa, o qədər oxunaqlı, maraqlı və rəqiblərdən fərqli olacaq. Rəqiblərdən və ümumən bazarda fərqli sayt kontenti formalaşdırsanız, hər kəsin gözü sizdə olacaq.


Dizayn
Saytların hazırlanmasında bir digər problemlərdən biri də UX/UI dizaynından qaynaqlanır. Bir çox saytları ziyarət etdiyimiz zaman görürük ki, saytın ümumi görünüşü heç də professional görsənmir. Saytların bir çoxunda rəng seçimləri, uyğunsuzluqlar, yanlış yerləşdirilmiş düymələr və qarışıq keçidlər mövcuddur. Bu da birbaşa saytın faydalığına və oxunaqlığına təsir göstərir.


Bəzən isə saytlar heç də responsiv formada dizayn olunmur. Responsiv olmayan sayt dizaynı monitordan başqa digər cihazlarda sizə problem yaradır. Bilirik ki, hər kəs saytlara stolüstü kompyüterlərdən daxil olmur. Əgər saytın dizaynı responsiv deyilsə, bu sayta tabletdən və telefondan girənlər çətinlik yaşayacaq. 


Sayt daxilində seçilmiş tipoqrafiya da bu problemlər arasındadır. Çox yaxşı bilirik ki, bəzi fontlar azərbaycan dilinə uyğun formalaşdırılmayıb və bunu nəzərə almadan font seçimi edildikdə ortaya heç də yaxşı görüntü çıxmır. Bundan əlavə sayt daxilində bir çox fontdan istifadə edilməyi də saytın strukturuna zərər verir. Bura həmçinin sətir aralıqları və font ölçüsü də daxildir.


Kodlama
Kodlama mərhələsi sayt hazırlanmasında ən son proseslərdən biridir. Deməli, əgər sayt düzgün kod strukturuna uyğun kodlanmayıbsa, gələcəkdə saytın SEO problemləri çıxa bilər.


Bir digər problemlər isə kod mərhələsində axtarış fayllarının, şəkillərin və ikonların doğru formatda yüklənməməsidir. Əgər bunlar doğru fayl formatında yüklənməyibsə, saytın sürətində problemlər yaşanacaq. İdeal sürəti təmin etmək üçün bu kimi nüanslara diqqət etmək lazımdır.


Əgər kodlama saytın işləmə prinsipinə uyğun edilməyibsə, saytın dinamikliyi və unikallığı kölgədə qalacaq. Belə olan halda isə sayt sadəcə “template” kimi görünəcək. Bunun qarşısını almaq üçün kod yazan tərəfə saytın işləmə prinsipini düzgün şəkildə izah etmək lazımdır. 


Kodlamadan sonra saytın test edilməməsi də bir digər problemlərdəndir. Əgər sayt ən son halda test edilmədən istifadəçi qarşısına çıxarılsa, bir çox problemlər özünü göstərəcək. İstifadəçi qarşısına çıxarılmadan öncə saytı test etmək lazımdır ki, gözdən qaçan texniki problemlər təyin edilsin.


Sonda isə təhlükəsizlik gəlir. Saytın təhlükəsizliyini təmin etmək üçün ona uyğun kodlama da lazımdır. Saytda olan bir balaca təhlükəsizlik açığı bütün saytın əlinizdən çıxmasına və məlumatların oğurlanmasına səbəb ola bilər.
Bu sadaladıqlarımızın hər biri problemdir. Bu problemlər birləşdiyi zaman professional olmayan nəticə üzə çıxır. Əgər sayt hazırlamaq qərarına gəlmisinizsə, bu problemləri nəzərə alaraq işə başlayın.